Motivasiya

Motivasiya

Hərbi motivasiya

Texas Universitetinin devizi belə səslənir: “Burda başlayanlar dünyanı dəyişəcək” deyə Markreyven xatırlatdı. “Amma məsələ burasındadır: siz onu dəyişdikdən sonra dünya necə olacaq? Əminəm ki, o daha yaxşı bir yer olacaq, amma əgər siz qoca dənizçiyə bu şərəfi verərək ona bir neçə dəqiqə qulaq assanız, mən sizə daha yaxşı dünyaya  aparan yolda kömək edə biləcək bir neçə məsləhət verərəm. Mən bu dərsləri silahlı qüvvələrdə xidmət edərkən çıxartdığıma baxmayaraq, sizi əmin edə bilərəm ki, heç olmasa bir gün hərbi forma geyib-geymədiyinizin heç bir fərqi yoxdur. Cinsiniz, milliyyətiniz, dininiz, sosial statusunuz və ya cinsi orientasiyanız da önəmli deyil. Bu dünyada apardığımız döyüşlər bir-birinə oxşar olduğu kimi, bizə qələbə qazanmağa, irəli getməyə, özümüzü və ətrafımızı dəyişməyə kömək edən dərslər eyni dərəcədə hamıya şamil oluna bilər”, – deyə admiral hesab edir.  “Mən 36 il “dəniz pişiyi” olmuşam. Amma hər şey mən Yuta ştatını tərk edib Kaliforniya ştatı Koronadodakı “dəniz pişikləri” təlim düşərgəsinə gəldikdən sonra başladı – deyə Makreyven danışır. – “Dəniz pişiklərinin” baza təlimi 6 ay çəkir və bura yumşaq qum üzərində əzablı qaçışlar, San-Dieqo sahillərində soyuq suda gecə üzmək, maneə cərgələrini aşmaq, sonsuz gimnastik hərəkətlər, soyuqda, suda, əzabda keçirilmiş yuxusuz günlər aiddir. Bu ilyarım ərzində ruhu və bədəni zəif olanları tapıb onları “dəniz pişikləri” icmasından həmişəlik qovmağı arzulayan qatı döyüşçülər sənə təzyiq göstərirlər. Bundan əlavə, bu təlimlər daimi stress, xaos, uğursuzluq və çətinlik şəraitində lider olmağa qadir kursantları da ortaya çıxarır. Mənim üçün “dəniz pişikləri” təlimi 6 aya sığdırılmış bir həyat oldu. O zaman çıxartdığım və sizə də irəli getməyə kömək etməyə faydalı olacağını düşündüyüm dərslər bunlardır”.

  1. “Baza hazırlığı zamanı hər səhər mənim təlimçilərim (Vyetnam müharibəsi veteranları) kazarmaya gəlirdilər və ilk növbədə fikir verdikləri şey çarpayının necə yığıldığı olurdu”,- deyə admiral bölüşdü. “O vaxtlar bu mənə qəribə gəlirdi: axı biz döyüşlərdə bərkimiş “dəniz pişikləri”, əsl döyüşçü olmağa hazırlaşırdıq”,- lakin mən dəfələrlə bu sadə işin müdrikliyinə əmin olmuşam” . “Səhər durub öz çarpayınızı yığaraq siz gün ərzindəki ilk işinizi görürsünüz. Bu sizə bir az qürur verəcək və yenə, yenə,yenə nəsə eləməyə təkan yaradacaq. Günün sonunda görülmüş bir iş çoxluğa çevriləcək. Çarpayınızı ideal yığaraq siz həm də dərk edirsiniz ki, hətta xırda şeylər də həyatda əhəmiyyətə malikdir. Əks halda, siz heç vaxt böyük işləri düzgün görə bilməzsiniz. Odur ki, əgər dünyanı dəyişmək istəyirsinizsə, öz çarpayınızdan başlayın”, – deyə Makreyven məsləhət görür. 
  2. Hazırlıq zamanı gələcək “pişikləri” 6 avarçəkən və 1 sükançı olmaqla 7 nəfərlik qayıq heyətlərinə bölürlər. Qışda təlim düşərgəsinin yerləşdiyi San-Dieqoda dalğaların hündürlüyü  2,5-3 metrə çatır: qayığın lazımi istiqamətdə üzməsi üçün heyətin hər bir üzvü avarlara güc verməlidir. “Siz dünyanı tək dəyişdirə bilməzsiniz, – deyə admiral nəticə çıxarır, – sizə bu işdə kömək lazım olacaq. Yola düşdüyünüz məntəqədən təyinat məntəqəsinə dəqiq çatmaq üçün dostlar, iş yoldaşları, tanımadığınız insanların xoş məramına və onları yönəltmək üçün təcrübəli sükançıya ehtiyac olacaq. Əgər dünyanı dəyişmək istəyirsinizsə, sizə avar çəkməkdə kömək edəcək birilərini tapın” . 
  3. Makreyven özü hündür oğlanlardan ibarət heyətə düşmüşdü, amma həmin təlimdə ən yaxşı heyət hündürboy olmayan hərbi qulluqçulardan ibarət idi. Bu heyətə hindli, afroamerikalı, polşalı, yunan, italiyalı və Amerikanın Orta Qərbindən 2 oğlan daxil idi. Digər heyətlərdən olan nəhənglər onları xırda olduqları üçün məsxərəyə qoyurdular, amma həmişə son gülənlər onların bəstəboy yoldaşları olurdu. “Əgər dünyanı dəyişmək istəyirsinizsə, insanları bədənlərinin yox, ürəklərinin böyüklüyünə görə qiymətləndirin”, – deyə xüsusi silahlı qüvvələrin veteranı məsləhət verdi. 
  4. Həftədə bir neçə dəfə kursantların hərbi formalarına baxış təşkil olunurdu. Təlimçilər həmişə irad tutmağa nəsə tapıb həmin adamı “formada əvvəlcə okeana girib sonra qumda yuvarlanmağa” məcbur edirdilər. Bu cəzadan keçmişləri “şəkərli peçenyelər” adlandırırdılar. Bir çox döyüşülər bütün əziyyətlərinin hədər getməsi ilə barışa bilməyib “sınırdılar”. Admiral düşünür ki, həmin döyüşçülər sadəcə bu cəzanın mənasını başa düşə bilmirdilər. “Çünki bəzən hazırlıqlı olsanız da, öz işinizi yaxşı görsəniz də, “peçenye” rolunda olursunuz. Bəli, bəzən həyat belədir. Amma əgər dünyanı dəyişmək istəyirsinizsə, qəbul edin ki, siz “şəkərli peçenyesiniz” və irəli getməyə davam edin”, – deyə Makreyven bildirdi. 
  5. Gələcək “dəniz pişikləri” hər gün bir çox fiziki məşqlər edirdilər. Normativləri ödəyə bilməyənləri axşam “sirkə” –  2 saat əlavə məşqə çağırırdılar. 6 ay ərzində kursantlardan hər biri heç olmasa 1 dəfə “sirkdə” olmuşdu. Vaxt keçdikcə tez-tez “sirkə” gedənlər daha da güclənirdilər. Fiziki məşqlər onları mənəvi möhkəmləndirir və fiziki dözümlülüyünü artırırdı. “Həyat da “sirklərlə” doludur, – deyə Markreyven vurğuladı. – Uğursuzluqlarınız olacaq. Özü də, olduqca tez-tez. Ağrı da olacaq, məyusluq da. Bəzən bu, sizin sümüklərinizəcən nüfuz edəcək. Amma əgər dünyanı dəyişmək istəyirsinizsə, “sirkə” düşməkdən qorxmayın ”. 
  6. Azından həftədə 2 dəfə kursantlar maneələr zolağını keçməli idilər. Ən çətini 9m və 6m-lik 2 qülləni birləşdirən 60 m-lik kəndirlə sürüşmək idi. Heç kəs illər əvvəl kimsə tərəfindən vurulan rekordu keçə bilmirdi, o vaxtacan ki, Makreyvenlə birgə xidmət edən kursantlardan biri kəndir boyu əllə irəliləmək əvəzinə, kəndir boyu başıöndə sürüşməyi sınadı. Əgər dünyanı dəyişmək istəyirsinizsə, bəzən birbaşa baş vurmaq lazımdır”, – deyə admiral məzunlara başa salır . 
  7. Təlimin növbəti mərhələsi San-Dieqodan bir az aralıda yerləşən və ətrafında böyük ağ akulalar qaynayan San-Klement adasında keçirdi. Hazırlıq kursuna açıq okeanda bəzən də gecələr bir neçə dəfə uzun məsafəyə üzmək daxil idi. Üzməzdən əvvəl təlimçilər  kursantları ətraf sulardakı bütün akula növləri barədə sevinclə məlumatlandırırdılar. Onları əmin edirdilər ki, heç bir kursant akulalara yem olmayıb, ən azından son bir neçə ildə, –  və izah edirdilər: əgər ətrafınızda akula dövrə vurmağa başlasa, yerinizdə qalın. Üzüb qaçmağa çalışmaq olmaz. Təşvişə düşmək olmaz. Əgər akula acdırsa və üstünüzə hücum etsə, bütün gücünüzlə onun üzünə vurun,  onda o üzüb gedəcək”. “Həyatda çox sayda akula var. Əgər axıracan üzmək niyyətindəsinizsə, onlarla qarşılaşmalı olacaqsınız. Odur ki, əgər dünyanı dəyişmək istəyirsinizsə, akulaların qarşısında geri çəkilməyin”, – deyə admiral bildirdi.   
  8. Dəniz pişiklərinin” vəzifələrindən biri düşmən gəmilərinə sualtı hücumlar təşkil etməkdir. İki sabotajçını düşmən limanından bir neçə kilometr aralıda yerləşdirirlər və onlar suyun altı ilə hədəfə tərəf hərəkət edirlər. Onlar hədəfə doğru üzəndə böyük dərinlikdə az da olsa işıq düşür, amma gəminin aşağı hissəsində “hətta öz əllərinizi belə, görmək mümkün deyil”, – deyə Makreyven şahid olduqlarını bölüşdü. “Amma hər bir “pişik” gəminin altında nə olduğunu bilir. Ən qaranlıq yerdə belə, o, sakit olmalı və özünü toplamalıdır. Əgər dünyanı dəyişmək istəyirsinizsə, zülmət qaranlıqda belə, özünüzü ələ almalısınız”, – deyə xüsusi silahlı qüvvələrin veteranı məsləhət gördü. 
  9. Pişiklərin” hərbi hazırlığının 9-cu həftəsini “cəhənnəm” adlandırırlar: yuxusuz, daimi fiziki və mənəvi təzyiq altında 6 gün və Mad-Flətsdə 1 xüsusi gün, yəni San-Dieqo və Tixuana arasındakı sahilin buzlu palçığında 15 saat. Məhz həmin gün, gün batışına cəmi bir neçə saat qalmış Makreyvenin təlim heyəti “nizamnaməni kobud şəkildə pozdu” və oğlanlara boğazlarınacan palçığa girmək əmr olundu. Təlimçilər bildirdilər ki, əgər kursantlardan 5-i kursu tərk etməyə razılaşsa, bu əzab bitəcək. Elə bu an kimsə mahnı oxumağa başladı. “Biz bilirdik ki, əgər bizdən biri bu çətin vəziyyətin üstəsindən gələ bilirsə, deməli, qalanlar da bunu bacarar, – deyə admiral yada salır və belə nəticəyə gəlir: – Əgər dünyanı dəyişməyi qərara almısınızsa, qulaqlarınızacan palçığın içində dayananda mahnı oxumağa başlayın”. 
  10. Dəniz pişiklərinin” təlim bazasında hamının görəcəyi bir yerdə bir zəng quraşdırılıb. “Təlimi dayandırmaq üçün eləməli olduğun yeganə şey zəngi çalmaqdır. Zəngi çal və sən artıq səhərlər saat 5-də durmalı olmayacaqsan. Zəngi çal və buz kimi suda üzmək əzabı sona çatacaq. Zəngi çal və qaçmalı, maneələr zolağını aşmalı, məşqlərə getməli və hazırlığın digər çətinliklərinə dözməli olmayacaqsan. Sadəcə zəngi çal”. “Əgər dünyanı dəyişmək istəyirsinizsə, HEÇ VAXT, HEÇ BİR ŞƏRAİTDƏ O ZƏNGİ ÇALMAYIN”, – deyə admiral son məsləhətini verir. 

“Beləliklə, günə əla yerinə yetirilmiş bir işlə başlayın. Həyatda sizə kömək edə biləcək birini tapın. Hamıya hörmətlə yanaşın. Bilin, həyat ədalətsizdir və siz tez-tez uğursuzluğa uğrayacaqsınız, amma əgər risk etsəniz, dözməyə gücünüz qalmayanda belə, dirənsəniz, zorba insanlara müqavimət göstərsəniz, büdrəyənlərin qolundan qaldırsanız və heç vaxt təslim olmasanız, onda gələcək nəsil və nəsillər bizim indi yaşadığımız dünyadan daha yaxşı bir dünyada yaşayacaqlar. Və bu divarlar daxilində başlayanlar həqiqətən də dünyanı yaxşıya doğru dəyişəcək”, – deyə admiral yekunlaşdırdı.

Tərcümə etdi: Fəridə İsmayılova